Bu günkü tariximiz Azərbaycanın ən acı səhifələrindən birinə aiddir. Yəni 31 mart 1918-ci ildə bolşevik adı altında erməni quldur dəstələrinin Azərbaycan torpağında etdikləri dəhşətli bir cinayət səhifəsinə. Bu səbəbdən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova ilə müsahibəni sizə təqdim edirik. Məlumat olaraq qeyd edirik ki, Soyqırımı Memorial Kompleksi 2007-ci ildə Quba şəhərində təsadüf nəticəsində tapılan 1918-ci ildən qalan soyqırım qurbanlarının qalıqları olan yerdə inşa olmuşdur.
– Erməni təcavüzünün Azərbaycan tarixində izləri barədə nə deyə bilərsiniz?
Keçmişimizin ən ağrılı-acılı səhifələrindən olan soyqırımı, deportasiya və qaçqınlıq xalqımızın taleyində zaman-zaman dərin izlər qoymuşdur. Bolşevik bayrağı altında erməni quldur hərbi birləşmələrinin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirmiş olduqları etnik təmizləməvə siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciəvə məşəqqətlərə məruz qalmşıdır.
Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlıların Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, minlərlə tarixi-mədəni abidələrimiz və yaşayış məskənlərimiz dağıdılmış və viran qoyulmuşdur. Proses bugün də işğal olunmuş torpaqlarımızda davam etməkdədir.
– 1918-ci il Mart soyqırımı necə baş verdi?
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində başvermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə soyqırımı, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən və ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirməyə başlamişlar. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş evlərə od vuraraq insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
– Azərbaycanın hansı bölgələrini əhatə edib bu soyqırım?
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Cavad, Göyçay, Qubaqəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri soyqırımı zamanı ümumilikdə 50 mindən çox əhali qətlə yetirilmidir.
– 1918-ci ilin soyqırımı hadisələrini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinin nəticələri ilə bölüşün, zəhmət olmasa.
Milli hökumət Azərbaycan xalqının tarixi üçün çox əhəmiyyətli qərarlar qəbul etmiş və bu qərarlardan biridə 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması olmuşdur.
Məlumdur ki, 1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, ümumilikdə Azərbaycanın bütün bölgələrində erməni-daşnak qüvvələri tərəfindən müsəlman əhalisinə qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilmişdir.
İyulun 15-də yaradılan komissiya üzvlərinin əksəriyyəti qeyri-azərbaycanlılar olmaqla əsas məqsəd hadisələrin əsil mahiyyətini dünyaya çatdırmaqdan ibarət idi. Xüsusi olaraq qeyd edim ki, Komissiya üzvləri Azərbaycanın bölgələrinə, kəndlərinə səfərlər etmiş və ümumilikdə 36 cild sənədlər toplamışlar.
Erməni yalanlarını dünyada ifşa etmək üçün Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əvəzsiz mənbədir. Doğrudur, hələdə dünya bu sənədləri görmək istəmir, amma nəticə etibarilə görəcək. Çünki haqqı heç cür inkar etmək olmaz. Bu baxımdan 1918-ci ildə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının türk-müsəlman əhalisinə qarşı, ermənilər tərəfindən həyata keçirilən soyqırımı öyrənmək üçün hazırladığı sənədləri çox yüksək qiymətləndirirəm. Və nə yaxşı ki, bu sənədlər sovet dövründə, bəzi arxiv idarələrinə ermənilərin rəhbərlik etməsinə baxmayaraq, qorunub saxlanılıb, bugünəkimi gəlib çatmışdır.
– Memorial Kompleksi olaraq, Soyqırımı hadisələrini dünya ictimaiyyətinə çatdırılmasında nə kimi işlər görülür?
Hazırda Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyə də təbliğ etməkdir.
Hər il “31 mart- Azərbaycanlıların soyqırımı günü” Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə geniş formatda qeyd olunur. On minlərlə vətəndaşlarımız kompleksə gəlir, həm “Xatirə Abidəsi”ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər.
Kompleksəgələn yerli və xarici ziyarətçilərə 4 dildə (azərbaycan, rus, ingilis, ərəb) peşəkar bələdçilər tərəfindən 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımı haqqında ətraflı məlumatlar verilir. Bundan əlavə ziyarətçilərin daha dolğun məlumatlandırılması üçün Kompleksin zəngin kitabxanasından istifadəyə şərait yaradılır.
Tariximizin qan yaddaşı olan soyqırım hadisələrinin insanlara çatdırılması və bu sahədə təbliğatların aparılması istiqamətində yaradılmış www.soyqirim.az internet səhifəsi və facebook səhifəsində (https://www.facebook.com/qubasoyqirim/) Kompleksə gələn rəsmi qonaqlar, keçirilən respublika və rayon əhəmiyyətli tədbirlər barədə mütəmadi olaraq məlumatlar 4 dildə (azərbaycan, ingilis, rus, ərəb) yerləşdirilir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Azərbaycanlıların Soyqırımı ilə bağlı həqiqətləri ölkə xaricində də təbliğini qarşısına məqsəd qoymuşdur.
Belə ki, Kompleksdə mütəmadi olaraq həyata keçirilən ardıcıl layihələr xüsusi olaraq
hazırlanmış posterlər, fotoşəkillər və videokadrlar “İnstagram” (https://instagram.com/genocide_memorial_complex?igshid=k4xkhnsvwydj) səhifəsində və “YouTube” (Genocide Memorial Complex QSMK) kanalında yayınlanır.
Aygün Ağamirzəyeva, Quba şəhəri